-İNSANIN YAZISI EDEBİYAT Kitabı için FELSEFÎ açıdan KRİTİK 1- BAKÜ
Hikmət Məlikzadə,
Şair-publisist, Prezident mükafatçısı
Ədəbiyyat ideya deyil, həyat duyğusudur…
(Birinci yazı)
Əgər (milyon illərdir) cəmiyyətlərin təsisatlarını ideyalar təşkil edirsə, düşünməliyik ki, insan özü də bir ideyadır və onun zahiri qatı xırda məsamələrdən ibarətdir…
İnsan ideya və özü ilə müttəfiq olduğu üçün öz həyat normalarını başqa bir təmasla təmin etmək zorundadır. Bu mənada o, özünün özü ilə inikasını mütləq bilir və öz həyat obrazını (yalnız) ədəbiyyatda tapır. Ədəbiyyat isə ideya deyil, bir həyat duyğusudur…
Türkiyənin paytaxtı Ankara şəhərində yaşayan müəllim (öyrətmən), pedaqoq Rəna İslam Dəyirmançının «İnsanın yazısı – ədəbiyyat» kitabının da başlıca qayəsi bu zəruri faktlardır. Bu irihəcmli unikal kitabın əsas hədəfində bir məqsəd var: İnsan yazıdır, taledir, ədəbiyyatdır, bir növ, həyat xəritəsidir və Rəna xanıma görə, insan bir yolçudur, onun həyat yazısı ədəbiyyatın içindədir… Əgər o, həyatı obrazlı (bir) yazı qədər xarakterizə edə bilərsə, ədəbiyyat onun daxili rahatlığına çevrilər…
Bizim zənnimizcə, fiziki və maddi cəhətcə möhkəm olması insanın müstəqil qərarlar verməsinə aşkar zəmin doğurur. Bu zaman isə nəfsi istək «Mən» iddiasını qabardır. «Mən»in zahir olduğu vücudda nə yazı, nə ədəbiyyat heç bir məsamə tapmır. Qısası, ədəbiyyat yazısı olmayan insanın özgə səadətinə zor etmək iştahı çoxalır. Bu da cəmiyyətin düşünmək tərzini başqalaşdırır…
Fəlsəfədə insan sosial mahiyyət daşıyır; bu mahiyyətə vara bilməyəndə mühitin təsiri ilə səmtini dəyişir. Rəna xanımın kitabında isə belələri ədəbiyyat olmaqdan məhrumdurlar. Bəlkə də buna görə bir sıra cəmiyyətlərdə insanların vətəndaş səviyyəsi emosional səviyyəsindən aşağıdır, əqli inkişaf sürətdən qalır. Yəni, insan öz içindən çıxıb həyata, oradan da ədəbiyyata nüfuz etməyəndə, onun iradəsi də zəifləyir, gücü də.
«İnsanın yazısı – ədəbiyyat» kitabının süjet xətti, ədəbi konsepsiyası ümumi halda insanı sevə bilməkdir. Daha doğrusu, necə sevə bilməkdir. Rəna xanım bu effektiv mənanı hər kəsin anlaya biləcəyi, həm də anlamayacağı tərzdə cilalayıb, fərqində olduğu müdhiş təfərrüatı bir süjet kimi verib. Anlayan üçün bu kitab bir həyat yolu, bir tale yazısı, anlamayan üçün isə sonradan (anlamağa çalışmadığı üçün) peşiman olacağı bir əlçatmazlıqdır.
Böyük Mövlanə Ruminin təbirincə, «sevgi və kimsənin halına acıma insanlıq vəsfidir; hiddət və şəhvət isə heyvanlıq». Əgər cəmiyyətlər anlasaydı ki, sevgi – birinin digərinə səmimi rəğbəti insanlıq vəsfidir, insanın başa düşdüyü tərz deyil, o zaman əməlini ehtirasdan doğan çirkin niyyətlərə yönəltməzdi. Bu nöqteyi-nəzərdən, Rəna xanım insanın (kütlənin) ədəbiyyatın içində tərpənişini vacib sayır.
Kitabı oxuduqca (həmçinin) anlayırıq ki, insanın nəfsini heç bir qanun tənzimləyə bilməz. İstər hissi qavrayış, istərsə də intellektual dərketmə onun dəyişkən xarakterli olduğunu təsdiqləyir. Dəyişkən insanın ruhunda ədəbiyyat yazı kimi təcəlla etməz. O, sadəcə qəfil bir təkamülə uğramaq məcburiyyətində qalar.
«İnsanın yazısı – ədəbiyyat» kitabında ədəbi zərurət bir neçə qütblüdür. Biz hadisələrin üst qatından bu tezliyi bir neçə rakursda görürük: Birincisi, Rəna xanım təkamül prosesini insan həyatında daim baş verən proses hesab edir, həm də vurğulayır ki, bu mexanizm fərdlərin sosial həyatında fiziki imkanları azaldır və bu, mənfiyə doğru azalma ilə müşayiət olunduğu üçün böyük faciələrə zəmin yaradır; ikincisi, adıçəkilən kitabda insanın (bir fərd olaraq) sosial nöqsanları onun qarşısıalınmaz bioloji keyfiyyətləri ilə izah edilir; Üçüncüsü, Rəna xanım adıçəkilən kitabında insanın xassə və hərəkətlərinin (sosial keçiddə) bir neçə məsaməli olduğunun fərqinə varır və aşkar təlqin edir ki, bioloji cəhətdən özünə (Yer qatına) məxsus insan ruhi cəhətdən Allaha məxsusdur. Ancaq nə üçünsə bu, yazısı ədəbiyyat olmayan insanın düşüncələrində (milyon illərdir) şübhə lə təzahür edir və s.
Səmimi deyək ki, kitab (bütün təfsilat və təfərrüatları ilə) oxucuya acı həqiqətlər, real təsvirlər və çoxumuzun fərqinə vara bilmədiyimiz imkanlar barədə tutarlı tövsiyyələr verir. Biz (oxucu olaraq) burada yazılanları sinəsindən düşmən gülləsi dəymiş əsgər iniltisi, yaxud da zəfər çalmış hünərvər bir ordunun qələbə çığırtısı kimi qavrayır, o ruhda Rəna xanımın fikirlərinə şərik çıxırıq. Bu zaman az da olsa, anlayırıq ki, dünya düzəni əsrlərin sınağından çıxmış həqiqətlərin nizamı ilə pərvəriş tapır, ağıllı başlar gerçəyi daha dürüst qavrayır, zorla ağlın mübarizəsi bu dürüstlükdən aşağı qata enir… Açığı, insan bir ədəbiyyat yazısı olduğunu anladığı an dərk edəcək ki, ağıl (hansı səbəbə) zaman-zaman hissi idrakda zordan ucada olub…
Rəna xanım insanın ruh və bədəndə necə təcəlla etməsinə də (bir neçə yazısında) sətiraltı aydınlıq gətirir. Vurğulayır ki, insan sadəcə, bir özünüdərk məqamıdır, onun həyat məntiqi torpaqla təmasdır. Fəqət, bəzi adamlar insanı Allahla eyniləşdirib, onun bir Ali Varlıq olduğuna inanıblar… Unudublar ki, yazısı ədəbiyyat olmayanın həyatı bir heç olar.
Biz də bilirik ki, antik dövrdə çoxları Zevsə, Apollona, Afroditaya Allah deyiblər. Bu, bütəsitayiş yaratmaqla, həm də ifrat aludəçiliyə maraq artırıb. Elə hürufi təlimində də insan Allah hesab edilib. Fərq odur ki, hürufiçilikdə insanın insana səcdəsi mütləq tələb kimi məna kəsb edib. Rəna xanımın «İnsanın yazısı – ədəbiyyat» kitabı səcdəgahın tək bir Allah olduğu qənaəti ilə bütün yanlış təfsilatlara nöqtə qoyur…
Biz «İnsanın yazısı – ədəbiyyat» kitabını böyük coşqu və maraqla oxuduq, açığı, (müəyyən qədər) təəccübləndik; o mənada ki, Rəna xanım insanı fəlsəfi qatlara çıxarıb, onun həyat normalarını ruhi təsvirə çəkib. Həm də onu sosial fərd kimi cilalayıb, onun rəngini, surətini, məqsəd və məramını Adəmdən gələn yəqinliklə açıb. Belə deyək, bəşəriyyət üçün bir özünüdərk ideologiyası cızıb… Necə ki, məşhur bir insanın həyat tezisində yazılıb: «Aclıq və səfalət səbəbi ilə (məcburən) dükandan bir çörək oğurladım, mənə altı ay həbs cəzası, sonra da altı ay havayı çörək verdilər…». Bu tezis, əslində, (Rəna xanımın düşündüyü kimi) bir cəmiyyət ideeologiyasıdır – sərt bir mükalimədir. Yəni, belə anlaşılır ki, qanunlar yazılı halda müti, yazılmamış halda müfəssəl, insan nəfsi mənada məğlub, yazı, ədəbiyyat olduğu təqdirdə qalibdir… Bu anlamda «İnsanın yazısı – ədəbiyyat» kitabı bizə göstərir ki, əgər vicdan ən çox yazılmamış qanunlarda bərqərardırsa, onda cəmiyyətlərin hazırkı düzəni Allaha sığınanlar üçün keçərsizdir… Çünki «sevgi», «istək» metodoloji yanaşmadır, insana şüurun alt və üst qatlarına çıxa bilmək gücü verir. İnsan bu məqamı bir ədəbiyyat kimi beyinə yükləsə, fikri qabarma mürəkkəb sistem yaradar, bu sistemin metodoloji dəyəri İlahi hissiyyat olar, dar düşüncəyə malik olanlar bunu real, konkret məqsəd kimi şərh edərlər və s.
«İnsanın yazısı – ədəbiyyat» kitabı (oxucuya) sevgini İlahi hiss və həyati predmet kimi (həm unikal, həm də universal miqyasda) görə (duya, qavraya) bilmək iqtidarı verir. Bu da təbii ki, insandan dərin düşüncə tələb edir. Bunu bütün hallarda, elə «İnsanın yazısı – ədəbiyyat» kitabı vasitəsilə də mexaniki olaraq isbatlaya bilərik.
Rəna xanımın kitabı insan və həyatla bağlı çox şeyə diqqət çəkir. Məsələn, kitabı oxuduqca, anlayırıq ki, insanla zaman arasındakı müstəvidən ilk əvvəl vaxt keçir… Bəlkə də buna görə XII əsrdə Həmədanda yaşamış şairimiz Eynəlhüzzat yazıb: “Ağ günü qaraldan və qara saçı ağardan vaxtdır.” Müdriklərimizdən də kimsə deyib: “Düzgün dərk etmədiyimiz üçün bəzən deyirik – vaxt keçir; əslində, vaxt durur, keçən bizik.” Vaxtı dəqiq xarakterizə edə bildiyi üçün Rəna xanım adıçəkilən kitabında insanın özü və ətrafdakılarla rabitəsini həyatın əsas istiqaməti hesab edir. Bildirir ki, sevgidə bu əlaqəni ədəbiyyat qurur. Ədəbiyyat da ruhi, mənəvi təkamül üçün rəmzi açardır. O, insanlara təslimçilik ruhu aşılamır. Əksinə, onlara zehni düşüncəni necə islah etməyin yolunu açır. İnsan ədəbiyyatın fövqü, ədəbiyyat insanın yazısına çevriləndə aradakı fitrət və mərhəmət hissi mülayim bir enmədə hadisələri qabaqlayır. Ədəbiyyat insanı müti durumdan çıxarır, insan fərd olaraq vahid bir etiqada üz tutur. Çünki bu zaman onun öz “mən”i ilə ikili həyatını təkcə gözəllik deyil, həm də qarşılıqlı anlaşma, ruhi kamillik və təmiz əxlaq tamamlayır.
“Avesta”da xoşbəxtlik ən yüksək nemətlə eyniləşdirilir. Sokrata görə, həyatın mənası xoşbəxtlikdir. Xoşbəxtlik hər şeydən əvvəl mənəvi-əxlaqi cəhətdən təkmilləşməkdir. Dini-əxlaqi təlim olan daosizmdə xoşbəxtlik insanların təbii həyat prinsipləri ilə əlaqələndirilir. “İnsan xoşbəxt olmağa borcludur. Əgər o, xoşbəxt deyilsə, bunda özü günahkardır…” L.Tolstoy bu qənaətdədir. Seneka həzzi, nəşəni deyil, fəzilətli işlər görməyi xoşbəxtliyin vacib şərti hesab edib. Onun fikrincə, uzun ömür o ömürdür ki, yaxşı əməllərlə doludur. Sokrat deyib: “Özünü dərk et.” İnsan o halda özünü dərk edə bilər ki, ədəbiyyat onun yazısı olsun. İnsanlar xəstə təxəyyüllü olanda onların radikal mövqeləri aşkara çıxır, ədəbiyyat, yazı olmaqdan uzaqlaşırlar. Azğınlıq girdabı onları öz kürkünün içində boğur. Nəticədə, qan tökülür, ölkələr silkələnir. Hansı ki, ədəbiyyat olmağı bacarsalar, bütün mənalarda rahatlıq taparlar. Necə ki, Rəna xanım bu irihəcmli kitabında deyir: «Məqsədin meyarı hasiletmədi, fikrin zərurəti məqsədə çatmaq. Cahan bu iki sistemin ortasında vulkan sıçradır». Biz də, eynən bu cür düşünüb uzaq və yaxın səmtlərə boylanırıq, fəqət çox vaxt Kainatın adam (Adəm) yaşayan səmtində insan görmürük.
Zənnimizcə, ağıllı adam özünü keçmişin küləyi ilə sovrulan həqiqətlərə deyil, real düşüncələrə həsr edir. Real düşüncə də real təhlükədi. Elə məqam var ki, ağa qara deməlisən. Dünya bu prinsip üzərində bərqərardı… Rəna xanımın «İnsanın yazısı – ədəbiyyat» kitabı bizə bu dolaşıq vadidən necə keçə bilmək şansı verir. Oxusaq, anlayıb dərk etsək, görərik ki, Adəmin yaşadığı cəmiyyət nəfsi asılılığın məfkurəsidir. Bu, müəyyən mənada qarışıq səbəblərdən asılı olaraq tarix boyu fikirləri çaşdırıb, əxlaqları pozub, zövqləri korlayıb. Nəticədə, şeytan Mütləq Vücudla Adəm arasında belə demək mümkünsə, keçilməz sərhəd qurub…
«İnsanın yazısı – ədəbiyyat» kitabını oxuduqca düşünürük: cəmiyyətlərin əhatə dairəsi, şəkil və texnika xüsusiyyətləri çox dəyişib. Adamın tək və ya cəm halda həyəcan keçirməsi onun iştirakçısı olduğu hadisələr fonunda baş verir. Adamın nəfsi ilə ehtirası arasında mövcud olan həyat elementləri elə qovuşuq şəkildədir ki, onun kim və nəçi olduğunu müəyyən etmək çətinlik törədir. Bu barədə hələlik konkret ictimai fikir-meyar olmadığından ayrı-ayrı dinçilər, müxtəlif təriqət adamları, hətta ateistlər (Allahsızlar) belə, Tanrı-adam münasibətlərində yüz cür yozum edib, həyatın ilk andan dramatik olduğunu əsaslandırmağa çalışıblar. Belələri həyati aspektdə dramatik ünsürləri qabartmaqla öz qənaətlərinin doğruluğunu sübut etməyə səy göstəriblər…
Adəm zülmün içində öz kədərinə (məğlubiyyətinə) qapanıb qalmır. Bəlkə də ictimai ideya və hissi məfkurələr onu dövrün tələbinə uyğun yetişdirmədiyindən o, ilk və son səhvə yol verdi. Şeytanın həyat mövqeyi Adəm və Həvvada həmişə fəal mövqe kimi diqqət çəkib. İlkin mərhələlərdə şeytana qarşı çıxa bilməmək səbəbindəndir ki, sonrakı dövrlərdə insanların rəzalətdən yaxa qurtarmasına zəmin yaratmaq mümkünsüzdür.
Bütün bunlar konflikt yaradan ədəbi və ictimai resursdur, mütləq mənada qlobalizm prinsipidir… Bəlkə də ən çox bu rakurslara görə Rəna xanımın kitabında konflikt bir ideyadır və bu, insanın yazısı fonunda ədəbiyyata ünvan tapır.
Rəna xanımın kitabı diqtə edir ki, adam uçurum qarşısında dayandığını dərk etsin, öz məhvərindən çıxmış dünyanı məhvərinə qaytarsın. Təəssüf ki, dünyada hökmran olan şeytani hissiyyat hakim mövqe tutan nikbinlik və mübarizliyə güc gəlməkdə israrlıdır.
Gözəlliyin kamalını yalnız kamil adamlar başa düşər. Əsrarəngiz təbiət gözəllikləri ilə məkan gözəlliyi üzvi, əbədi bir vəhdətdə dərk edilir. Bu vəhdət pozularsa, ümumən gözəllik qanunları pozular və nəticədə nə təibət kamil gözəlliyə qovuşar, nə məkan. Şübhə yoxdur ki, bu üzvi vəhdəti eyni zamanda məna gözəlliyi, məzmun dərinliyi tamamlayır, bu tamlıqdan bəşəri harmoniya yaranır. Heç bir şübhə yoxdur ki, Rəna xanım Dəyirmançının «İnsanın yazısı – ədəbiyyat» kitabının əsas kateqorik norması insanı bu mənada tamamlaya bilməkdir.
Hikmet Melikzade Kimdir? (Azerbaycan Türkçesi ile…)
Hikmət MƏLİKZADƏ (Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Azərbaycan Respublikası Bakı şəhəri Şamaxı rayonunun Qaravəlli kəndində (köyündə) doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. Dörd şeir, on yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. 17 publisistik kitabından 11-i elmi kitabdır (monoqrafiya).
Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, «Yeni Təfəkkür» qəzetinin və “Səda TV”-nin əməkdaşıdır.
Yorum yazabilmek için oturum açmalısınız.